XƏBƏRLƏR 2023
Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisi və Azərbaycan dili fakültəsinin yaradılması ilə bağlı müzakirələr keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı müzakirələr keçirilib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə ötən tədris ilindən başlayaraq Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsində Azərbaycan dili fənni tədris olunur.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin nümayəndəsi, Türkologiya fakültəsinin dekanı Cüməli Şabanov arasında keçirilən görüşdə sözügedən Universitetdə Azərbaycan dili fənninin tədrisi, Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu il də dərslərin həyata keçirilməsi, dərslərin müvafiq metodik vəsaitlər, dərsliklərlə təminatı və keyfiyyəti məsələləri müzakirə edilib.
Görüşdə növbəti tədris ilində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması, bu istiqamətdə Azərbaycandan müvafiq mütəxəssislərin sözügedən fakültəyə cəlb edilməsinə dair fikir mübadiləsi aparılmış, bu istiqamətdə müvafiq qurumlara təkliflərin hazırlanması razılaşdırılmışdır.
30.08.2023