XƏBƏRLƏR 2024
Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənddəki Universitetlərin tələbləri üçün Azərbaycan-Özbəkistan dostluğu mövzusunda açıq dərs keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənd Şərqşünaslıq Universitetinin tələbələrinə Azərbaycan-Özbəkistan dostluğu mövzusunda açıq dərs keçirilib.
Tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi, Azərbaycan-Özbəkistan Dostluq muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Azərbaycan xalçalıları muzeyi və sərgi zalını gəzib, orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, şəkillərlə, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tələbələrlə görüşərək onlara Azərbaycan - Özbəkistan əlaqələrinin tarixi və inkişafı barədə ətraflı məlumat verib.
O, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələrin qədim dövrlərə gedib çıxdığını xüsusi vurğulayıb. Həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvi və özbək mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığı barədə ətraflı məlumat verən Samir Abbasov iki qardaş xalq arasında dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin də xüsusi rolu olacağına əminliyini bildirib.
Sonda Şərqşünaslıq Universitetinin tələbələri ətraflı məlumat üçün Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova öz minnətdarlıqlarını bildirərək, belə dərslərin tələbələrin dil öyrənməsində və mənimsəməsində böyük rolu olduğunu və bu Mərkəzdə keçiriləcək belə açıq dərslərin davamlı olacağını bildiriblər.
05.03.2024