XƏBƏRLƏR 2024
Özbəkistanın Al-Beruniy Beynəlxalq məktəbində keçirilən “Beynəlxalq Gün” tədbirində Azərbaycan da təmsil olunub.
Özbəkistanın Al-Beruniy Beynəlxalq məktəbində “Beynəlxalq Gün” adlı tədbir keçirilib.
Tədbirdə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan, Ukrayna və digər ölkələrin stendləri nümayiş olunub. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər.
Bu tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan ayrılan stenddə suvenirlər, milli mətbəximizin nümunələri guşəyə gələnlərin böyük marağa səbəb olub.
Stenddə Azərbaycanın milli kişi və qadın geyimləri, habelə nümayiş olunan nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb.
Azərbaycan guşəsində plov, dolma, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlarımız iştirakçılara təqdim olunub.
Tədbirin konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Kaykep Aliyeva adına rəqs ansamblı”nın üzvləri milli rəqslərimizi ifa edib, iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.
15.03.2024