Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan

Dövlətlərarası əlaqələr

Münasibətlərin tarixi - İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. O bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Azərbaycanın dövlət rəhbəri dövlət başçılarının birgə mətbuat konfransında da iştirak edib, onların şərəfinə təşkil olunmuş ziyafətdə nitq söyləyib və Özbəkistan Televiziyası müxbirinin suallarını cavablandırıb.

18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. İki ölkə prezidentinin görüşündə eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, birgə əməkdaşlığın müxtəlif cəhətlərinə dair fikir mübadiləsi aparılıb. 19 iyun 1997-ci il tarixdə Azərbaycan Prezidentinə Daşkənd Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

9 avqust 1998-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Yaltada Ukrayna Prezidenti L.Kuçmanın 60 illik yubileyi tədbirlərində yenidən Özbəkistan Prezidenti ilə görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

Ümumiyyətlə, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub.

Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.

23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilib. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Daşkənd şəhərində böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.

11-12 sentyabr 2008-ci il tarixdə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olub. İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirilib. Ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanıb. Görüşlərdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. İ.Kərimov səfər çərçivəsində həmçinin, Heydər Əliyev Fondu ilə tanış olub. Sentyabrın 12-də prezidentlər Azərbaycan paytaxtında böyük özbək şairi Ə.Nəvainin abidəsinin açılış mərasimində iştirak ediblər.

İqtisadi əlaqələr: Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Özbəkistan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə, öz növbəsində, hər iki ölkənin seçdiyi inkişaf modellərinin həyat qabiliyyətini və effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatın formalaşdırılması prinsiplərini özündə əks etdirir.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. İndiyədək komissiyanın səkkiz iclası keçirilmişdir. Sonuncu iclas ötən il sentyabrın 8-9-da olmuşdur.

Bununla bərabər, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi (ötən il bu göstərici 25,9 milyon ABŞ dolları, cari ilin ilk altı ayının yekunlarına görə, 23,5 milyon ABŞ dollarından çox olub) ölkələrimizin real potensialını əks etdirmir.

Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir.

www.lib.aliyev-heritage.org

Ədəbi-mədəni əlaqələr

Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir.
Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə qardaş özbək xalqı ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu məsələyə böyük önəm verərək demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.
Ölkəmizin yaradıcılıq ittifaqları mədəni əlaqələrin yaranması və inkişafında yaxından iştirak edir. Bu əlaqələrin forma və vasitələri zəngin, coğrafi dairəsi geniş, əhəmiyyəti isə böyükdür. Yaradıcılıq ittifaqlarının ədəbi-mədəni əlaqələr dairəsinə tərcümə problemləri, müzakirələr, söhbət-lər, yaradıcılıq görüşləri, festivallar, görkəmli şəxsiyyətlərin yubileyləri ədəbiyyat və incəsənət günləri, poeziya günləri, elmi əlaqələr və s. daxildir. Bu baxımdan Özbəkistanla mədəni əlaqələrimizin yaxın tarixinə nəzər salaq.

Qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan və özbək klassikləri - Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı "İki qəlbin dastanı baleti" dünya musiqi sənətinin incilərindəndir.

Azərbaycan Yazıçılar İttifaqının mədəni əlaqələr sahəsində fəaliyyətində bədii tərcümə və ədəbiyyatın təbliği əsas yer tutur. Buna görə də ittifaqın nəzdində hələ sovet dönəmində xüsusi olaraq tərcümə bölməsi fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatının bir çox nümunələri özbək dilinə çevrilmişdir. C.Cabbarllnın "Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri özbək dilində çap olunmuşdur. Azərbaycan dilinə və ədəbiyyatına xüsusi məhəbbət bəsləyən, onları öyrənən və orijinaldan tərcümə edən müəlliflər respublika Yazıçılar ittifaqı ilə sıx ələqələr saxlayırdılar. Özbək Ə.Cabbarov Azərbaycan dilini bilir və orijinaldan tərcümə edirdi. Azərbaycan Yazıçılar İttifaqı keçmiş SSRİ xalqları ədəbiyyatından edilən tərcümələri öz orqanlarında, xüsusən "Azərbaycan" jurnalında nəşr edirdi. M.Şeyxzadənin "Mirzə Uluqbəy" faciəsi dediklərimizə sübutdur.

1970-ci ildə Azərbaycan Yazıçılar İttifaqı görkəmli özbək şairi M.Şeyxzadənin 70 illiyini qeyd etmək üçün onun əsərlərini iki cilddə nəşr etmək haqqında qərar çıxarır. Bununla əlaqədar M.Şeyxzadənin kitabları Azərbaycan dilində nəşr olunur. Bu kitablardakı əsərləri şairlərdən M.Dilbazi, B.Azəroğlu, Ə.Ziyatay, N.Xəzri, Ə.Kürçaylı, M.İbrahim, X.Rza, İ.Səfərli, N.Həsənzadə, T.Bayram və başqaları tərcümə edirlər.

Bu dövrdə özbək-Azərbaycan ədəbi-mədəni əlaqələrini tədqiq edən xüsusi qruplar yetişdirilmişdi. Belə ki, Azərbaycandan Daşkəndə göndərilmiş Q.Qasımov və. A.Bağırov Daşkənd Dövlət Universitetində təhsilini başa vurub. Eləcə də Özbəkistandan Bakıya-Azərbaycan Dövlət Universitetinə təhsil almaq üçün özbək tələbə-Ə.Cabbarov və T.Mahmudəliyev göndərilmişdilər. Onlar Azərbaycan şeirini orijinaldan tərcümə edirdilər. Özbək şairi E.Vahidovun "Damlalar" şeirlər məcmuəsi 1980-ci ildə A.Vəfalının tərcüməsində Bakıda "Gənclik" nəşriyyatı tərəfindən nəşr olunmuşdu. Respublikamızın Bədii Tərcümə və  Ədəbi Əlaqələr Mərkəzi Yazıçılar İttifaqının rəhbərliyi altında fəaliyyət göstərirdi.

1979-1980-ci illərin ədəbi-mədəni panoramında Azərbaycanda keçirilən Özbəkistan ədəbiyyatı və incəsənəti dekadalarının, eləcə də Özbəkistandakı Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün bu xalqların mədəniyyətinə bəxş etdiyi ədəbi töhfə xüsusilə qabarıq görünür.
1979-cu ildə Azərbaycanda keçirilən ədəbiyyat və incəsənət günlərində elm, ədəbiyyat və incəsənət xadimləri K.Yaşen, Q.Qulam, Zülfiyyə, T.Tülə, Şükrullo, A.Muxtar, A.Aripov, N.Nərzullayev, İ.Ametov, Mirmöhsün, N.Səfərov, ədəbiyyatşünas L.Kəyumov və başqaları iştirak edirdilər. Azərbaycanda Özbəkistan günləri müvəffəqiyyətlə keçmişdi.

Özbəkistan ədəbiyyatı və incəsənəti günlərində özbəkistandan gələn nümayəndə heyəti Azərbaycanın şəhər və rayonlarında 190 görüş keçirmiş, 100-dən çox, o cümlədən 41 hamilik konserti vermişdilər. Bu tədbirlərdə 530 min nəfər iştirak etmişdi. Həmçinin Özbəkistan və Azərbaycan Dövlət Televiziya və Radio komitələrinin hazırladıqları 230 televiziya və radio verilişləri efirdə səslənmişdir.
Azərbaycanda keçirilən Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri oldu. On gün ərzində Azərbaycan şairləri bir çox görüşlərdə iştirak etmişdilər. Fərqanədəki "Azərbaycan küçəsi" iki xalqın dostluq nümunəsidir. Azərbaycanın xalq şairi M.Dilbazi Özbəkistanın xalq şairi, Lənkəranın fəxri vətəndaşı Zülfiyyəyə onun mis üzərində döyülmüş portretini hədiyyə vermişdi.
1978-ci ildə Azərbaycan bəstəkarları və musiqişünasları Səmərqənddə muğam sənətinə həsr olunmuş Beynəlxalq musiqi simpoziumunda iştirak etmişdilər.

70-ci illərdə Azərbaycan rəssamlarının da sərgiləri Daşkənddə nümayiş etdirilmişdir. Daşkənddə Azərbaycan rəssamlarının, o cümlədən T.Salahovun, M.Abdullayevin, T.Nərimanbəyovun və digərlərinin 42 əsərindən ibarət sərgisi açılmışdı. Özbəkistanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru R.Taktaş Daşkənddən göndərdiyi məktubunda yazırdı: "Moskvada Azərbaycan təsviri sənət ustalarının sərgisinə baxmışdım. S.Bəhlulzadənin mənzərələri, T.Salahovun portretləri, həmçinin T.Sadıqzadənin kənd əməkçilərinə həsr olunmuş tablosu orijinallığına, dərinliyinə görə məni valeh etmişdi". 1978-ci ildə Bakıda, Gəncədə (o zaman Kirovabad) və Sumqayıtda "Sovet Özbəkistanının incəsənəti" adlı sərgi nümayiş etdirilmiş və bu sərgiyə 40 min tamaşaçı baxmışdır.
1970-ci ildə Azərbaycan və Özbəkistan teatr cəmiyyətləri arasında sıx əlaqə yaratmaq, təşkilati təcrübə mübadiləsi keçirmək haqqında razılıq əldə olunmuşdu. 1985-ci ildə gənc bəstəkar S.İbrahimovanın "Nənəmin nağılları" adlı uşaq operası ilk dəfə Səmərqənd Opera və Balet Teatrında tamaşaya qoyulmuşdu. 70-ci illərin birinci yarısında Azərbaycanda Özbəkistan teatr günləri maraqla qarşılanmışdır.

Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin I Beynəlxalq kinofestivalına göndərilmək üçün "Ulduzlar sönmür", "Salam, Azərbaycan" və s. filmlərin milli variantlarının surəti hazırlanmışdı. Müəyyənləşdirilmiş nümayəndə heyətinin arasında A.İsgəndərov, rejissor Ə.İbrahimov və digərləri də var idi. 1973-cü ildə "Özbəkfilm" studiyasının çəkiliş qrupu iki seriyalı "Əbu Reyhan Biruni" filminin bir çox kadrlarını, səhnələrini Bakıda, Şirvanşahlar sarayı və Qız qalasında çəkmişlər. Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri ərəfəsində respublikamızda istehsal olunmuş "Nəsimi", "Qayınana", "Qərib cinlər diyarında", "Mezozoy əhvalatı", "Sönmüş ocaqların işığı" və s. filmlərimiz bu respublikanın kino teatrlarında, televiziya verilişlərində göstərilmişdi. Dekada zamanı Azərbaycan filmlərinin festivalına 600 mindən çox tamaşaçı baxmışdı. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərindən yadigar olaraq C.Cabbarlı adına "Azərbaycanfilm" studiyası "Dostluq görüşləri" adlı tammetrajlı sənədli film çəkmişdi.

Azərbaycanın Özbəkistanla ikitərəfli və çöxtərəfli əlaqələri, o cümlədən mədəni əməkdaşlığı bu gün də uğurla davam etdirilir.

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası