Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Azərbaycanın böyük mədəni irsi

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Tarixi tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərində yerləşir. Təbii coğrafi mövqe və həyat şəraitinin təmini üçün zəruri mühitin olmasındandır ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Aparılan arxeoloji tədqiqatların nəticəsində məlum olub ki, burada yaşamış qədim insanlar çox böyük və şərəfli tarixə malikdirlər. Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, inkişafının bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ona görə də ölkəmizə səfər edən Avropa səyyahları Azərbaycanın tarixi mədəni abidələrinə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.

Azərbaycan mədəniyyəti min illərin o tayından rişələnən, sonrakı dövrlərə kök atan bir mədəniyyətdir. Bu mədəniyyətin qollarını əhatə edən o qədər zəngin, o qədər maraqlı, o qədər cəlbedicidir ki, əsrlər ötsə də, yenə öz təravətini, gözəlliyini saxlaya bilir. Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü sərvətləri, istərsə də mənəvi sərvətləri hər zaman dünya insanının marağını özünə çəkib.

Maddi mədəniyyət abidələri ilə yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi nəzərə alınıb.

Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, bir sözlə, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənləridir.

Böyük zəhmət hesabına UNESCO-nun qeyri-maddi irs siyahısına salınan qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat örnəkləri dünyada Azərbaycanın eşidilən səsidir. UNESCO-da Azərbaycan xalqının və Azərbaycan məmləkətinin döyünən qəlbi olan xalçalarımız, muğam və aşıq sənətimiz, İçəri Şəhərimiz, Qobustanımız bir möcüzə kimi insanların qəlbini ovsunlayır.

Bu abidələrimizin hər biri dövlətçilik tariximizin, mədəniyyətimizin nümunəsidir. "Azərbaycanın xalçası" sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

Bundan əvvəl isə muğam və aşıq sənəti, Novruz bayramı da UNESCO-nun müvafiq siyahısına salınıb. Muğam və aşıq sənəti artıq milli mədəni maraqlarımızı, dövlətimizin mədəniyyətimizə dəyər verməsini ifadə etməklə yanaşı, həm də bəşəri məqsədlərə xidmət edir. Xalçalarımız illər əvvəl bəzi dünya ölkələrində İran, Qafqaz xalçaları kimi təqdim edilirdisə, bu gün Azərbaycan xalçaları kimi tanınır.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası ilə daban-dabana zidd olsa da, nədənsə beynəlxalq birlik belə çirkin "siyasət"in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Tarixin yaddaşı və yadigarları olan abidələr maddi mədəniyyət nümunələridir. Bax, elə buna görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdəndir. 1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub.

Məlumdur ki, Azərbaycan 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb.

Ekspertlər bildirir ki, UNESCO bəşəri dəyərlərin dünyada qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş aparır. Azərbaycanın da qeyri-maddi mədəniyyət nümunələri bu təşkilatın diqqətini çəkib və milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz bayramı, aşıq və xalça sənətinin bu təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi böyük hadisə sayılmalıdır. Xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xəttilə təbliğ edilməsi bir xalq kimi bizə ancaq müsbət imic qazandırır.

Qeyd edək ki, Azərbaycan muğam sənəti 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası