XƏBƏRLƏR 2018
Özbəkistanda keçirilən “Qızıl əllər” adlı Beynəlxalq Sərgidə Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.
Daşkənddə keçirilən “Qızıl əllər” adlı Beynəlxalq Sərgidə sənətkarların hazırladığı əl işləri nümayiş etdirilib.
Özbəkistanın Gənclər sarayında keçirilən tədbirə bu ölkənin Mədəniyyət Nazirliyi, Rəssamlıq Akademiyası, Daşkənd şəhər Hakimiyyəti dəstək göstərib.
Sərgidə sənətkarlıq və əl işləri üzrə mütəxəssislər, müəllim və tələbələr, habelə mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Əlişer İkramov iştirakçıları salamlayaraq festivalın əhəmiyyəti haqqında danışıb, gənc və yeniyetmələrin milli ənənələri öyrənmək və təbliğ etmək, habelə xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi istiqamətində tədbirin xüsusi əhəmiyyətini qeyd edib.
Digər çıxışçılar Festivalın istedadların üzə çıxarılması və təcrübə mübadiləsinin həyata keçirilməsi yolunda gözəl platforma olduğunu vurğuladılar.
Festivalda Azərbaycanı təmsil edən Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov iki xalq arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışaraq, bu cür tədbirlərin xalqlarımızın zəngin mədəni irsini, onun incəsənətini nümayiş etdirmək üçün yaxşı imkanlar yaratdığını qeyd edib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyası nümayiş etdirilib. Öncə Azərbaycanın Qarabağ bölgəsinə aid qadın geyimləri təqdim edilib. “Qarabağ şikəstəsi”nin sədaları altında təqdim olunan milli libaslarımız iştirakçıların marağı və alqışları ilə qarşılanıb. Xalqımızın yüz illər böyu yaşayıb – yaratdığı geyimlərin onun tarixinin, mədəniyyətinin bir görsədicisi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyası ilə yanaşı, Festivalda digər ənənəvi Özbək geyimləri, habelə yaradıcı modelyerlərin kolleksiyaları nümayiş etdirilib.
Tədbirdə bir sıra maraqlı çıxışlar və əl işlərinin sərgisi təqdim edilib.
26.05.2018