XƏBƏRLƏR 2018
Daşkənddə “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri”nin
təqdimatı keçirilib.
Azərbaycanın “Travelling Lab” turizm şirkəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” mehmanxanasında “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri” adlı təqdimat keçirib.
Təqdimatda Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak edib.
Foyedə Mədəniyyət Mərkəzinin hazırladığı “Azərbaycan Qafqazın dürdanəsi” adlı fotosərgi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlər nümayiş etdirilib.
Sərgidə Azərbaycanın turizm imkanları, ölkəmizdəki sanatoriyalara dair fotoşəkillər nümayiş etdirilib və bununla bağlı AMM-nin hazırladığı bukletlər paylanılıb. Hər il keçirilən “Bakı Şoping Festival”, Novruz şənlikləri, habelə regionlarda ölkəmizin turizm imkanları haqqında geniş məlumatlar verilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, nəinki Bakıda, həmçinin regionlarda müasir tələblərə cavab verən turizm mərkəzləri yaradılıb, müalicəvi turizm sahəsində Azərbaycanın imkanları daha da genişlənib. Son illər Azərbaycana gələn turistlərin sayının xeyli artdığını qeyd edən Samir Abbasov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda turizmə dair keçirilən bütün beynəlxalq sərgilərdə ölkəmizin təmsil olunduğunu söyləyib. Deyib ki, əsas məqsəd özbək turistlərinin Azərbaycana cəlb edilməsidir.
“Travel lab” şirkətinin direktoru Səbinə Məmmədova Azərbaycanın turizm imkanları, yüksək səviyyədə olan infrastrukturun və xidmət sahəsində əldə edilən nailiyyətlər haqqında məlumat verib, Naxçıvandakı Duzdağ, Şabrandakı Qalaaltı istirahət-kurort mərkəzlərinin xidmətləri və onların imkanlarından söhbət açıb. Azərbaycan-Özbəkistan arasında birbaşa reyslərin olması, vizasız rejimin mövcudluğu, habelə xalqlar arasında dil, din, mədəniyyət yaxınlığı turizm sahəsində əlaqələrin inkişafına da öz müsbət təsirini görsətdiyini bildirib.
Sonra Azərbaycan Sağlamlıq Turizm Assosiasiyasının baş əlaqələndiricisi “Qaşaltı” otelinin marketinq üzrə direktoru Mirağa Seyidov Naftalan sanatoriyasının müalicəvi xüsusiyyətləri, buradakı otellərdəki xidmətlər barədə məlumat verib. Naxçıvandakı müalicəvi turizm komplekslərinin imkanlarına dair təqdimat keçirilib.
Tədbir çərçivəsində Özbəkistanın turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, yeni əlaqələr yaradılıb.
Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə bağlı məlumat verib, “Baku Expo-2025” adlı xüsusi videomaterial nümayiş etdirib.
Tədbirdə Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramlar təqdim olunub, Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş klip nümayiş etdirilib. Tanınmış özbək sənətçiləri Azərbaycan musiqilərini səsləndirib, milli rəqslərimiz nümayiş etdirilib, qonaqlara ziyafət verilib.
23.03.2018