XƏBƏRLƏR 2018
Azərbaycanlı muğam ifaçıları Özbəkistanda keçirilən Beynəlxalq Muğam
müsabiqəsində birinci yerə layiq görüldülər.
Bildiyiniz kimi, cari il 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub.
Qeyd edək ki, Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.
Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər.
Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.
Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.
Qeyd edək ki, mükafat fondunun 10 min ABŞ dolları təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın Mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb.
10.09.2018