XƏBƏRLƏR 2018
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində möhtəşəm Novruz şənliyi keçirilib.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, yerli azərbaycanlılar və özbəklər, Daşkənddəki çoxsaylı ali məktəblərin müəllim və tələbələri, mötəbər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində Novruz xonçaları bəzədilib, milli musiqi altələri, bayram atributlarından ibarət kompozisiya təşkil edilib.
Bayram tədbirini giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov Azərbaycan və Özbək xalqlarının milli bayramı - Novruz bayramı haqqında danışaraq, onun tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən, xalqlarımızın bir-birinə yaxınlığını bir daha sübut edən el bayramı olduğunu söylədi.
Azərbaycanda, Özbəkistanda və digər Şərq ölkələrində dövlət səviyyəsində geniş qeyd olunan Novruzun Azərbaycanın təşəbbüsü ilə 2009-cü ildə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayan diplomat, “keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramının xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olduğunu qeyd etdi.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev misilsiz dəyərlərimiz sırasında Novruz bayramının xalqlarımız üçün əhəmiyyətindən danışaraq, bu xalq dəyərlərinin günümüzədək layiqincə qorunub saxlamasını xalqlarımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindən olduğunu bildirdilər. Bu gözəl bayramın xalqlarımızı birləşdirdiyini, adət və ənənələrimizin icrası isə zəngin mədəniyyətimizin təntənəsi olduğunu qeyd etdilər və iştirakçıları bayram münasibəti ilə təbrik etdilər.
Tədbirdə qonaq qismində iştirak edən azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik etdi, Azərbaycan Mədəniyyət Mərkəzinin Muzeyinə Azərbaycanın keçmişini və müasirliyinə dair hazırladığı əl işini hədiyyə etdi.
Daha sonra Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram iştirakçılara təqdim edildi. Özbəkistanın tanınmış artistləri Yulduz Turdiyeva, “Fərhad və Şirin” qrupu, “Asl” qrupu və başqa tanınmış sənətçilər Azərbaycan və Özbək musiqilərini ifa ediblər. Mərkəzin nəzdindəki rəqs qrupları milli rəqslərimizi icra ediblər.
Tədbirdə Özbəkistanın “Zarqaynar” geyim evinin modelyer qızları Azərbaycan milli geyimlərini, Qarabağ geyimlərini, Novruz bayramına aid atributları nümayiş etdiriblər.
Bayram şənliyi pəhləvanların və sirk ustalarının çıxışları ilə davam edib. Novruz tonqalına od vurulub, qonaqlar Novruzun simvoluna çevrilmiş plov, milli şirniyyatlara və digər bayram süfrəsinə qonaq ediliblər.
16.03.2018