XƏBƏRLƏR 2018
Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü yad edilib və
“Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib.
Tədbirdə Özbəkistandakı xarici ölkələrin səfirləri, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib.
İştirakçılar əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində Özbək dilində “Xocalı soyqırımına ədalət” kompaniyası çərçivəsində soyqırımın dəhşətlərini özündə əksə etdirən fotosərgi, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi iştirakçılara təqdim edilib.
İştirakçılara Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən işğal və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumat verilib.
Xocalıda və Dağlıq Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Qulıliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
Səfir deyib ki, 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri mühasirəyə alınıb. O vaxt şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç və başqa beynəlxalq təşkilatlar vasitəsi ilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlıqla qocaları, qadınları, uşaqları atəşə tutdular.
Sonra diplomat Xocalıda qəddarlıqal öldürülən, yaralanan və itkin düşənlər haqqında məlumat verib.
Hüseyn Quliyev deyib ki, İngiltərə jurnalisti Tomas de Valın “Xocalıda nə baş verib” sualına Ermənistan prezidenti Serj Sarkisyan lovğalıqla cavab verib:”Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz. Lakin biz bu steorotipi sındırmağı bacardıq. Bax orada bu baş verib”.
Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciəni 20-ci əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Xolokost soyqırımları ilə bir sıraya qoyub. Hazırda 12 dövlət və Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı soyqırımını tanıyıb.
Sonra Litvalı rejissor Aleksandris Broksun Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitze prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən filmdə Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan xarici jurnalistlərin faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir.
22.02.2018