XƏBƏRLƏR 2018
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı gününə həsr olunmuş “Sən yaşa, Azərbaycan!” adlı tədbir keçirildi.
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində keçirilən tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, Daşkənd Nəqliyyat kolledjinin müəllim və tələbələri, yerli azərbaycanlılar iştirak etmişdilər.
Mədəniyyət Mərkəzinin foyesində “Sən yaşa, Azərbaycan!” adlı foto və kitab sərgiləri iştirakçılara təqdim olunmuş, azərbaycan milli rəqsləri ifa olunmuşdur.
Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycan milli geyimlərini, Qarabağ geyimlərinin moda sərgisi nümayiş olunmuşdur. Sərgidə qadın geyimlərilə yanaşı, Qarabağ zadəganlarının bəy geyimləri sərgilənmişdir.
Mədəniyyət Mərkəzinin konfrans zalında Dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru cənab Samir Abbasov Dövlət Bayrağı günü münasibəti ilə iştirakçıları təbrik etdi, müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımız haqqında danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində həyata keçirtdiyi layihələr haqqında məlumat verdi.
Daha sonra, o, iki xalq arasında elm, ədəbiyyat sahəsində fərqlənən və xüsusi xidmətləri olan Azərbaycan və Özbək alimlərinə Fəxri diplomlar təqdim etmişdir.
Özbəkistanda səfərdə olan filologiya elmləri doktoru, “Kaspi” qəzetinin və təhsil mərkəzinin rəhbəri Sona Əliyeva Dövlət rəmzimiz, istiqlaliyyətimizin simvolu olan Bayrağımızın tarixini, onun keçdiyi uzun və çətin inkişaf yolundan danışdı, tarixə nəzər salaraq, Azərbaycan Xalq Cumhuriyyəti və müstəqillik illərində ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə olaraq üçrəngli bayrağımızın bərpa etməsini müstəqilliyimizə ən böyük töhvə olduğunu qeyd edib.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan “Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün oxu” musiqi klipi nümayiş etdirilmişdir. Klipdə Özbəkistanın bir sıra musiqi qrupları, rəqs ansambları, musiqiçilər iştirak etmiş, səslərini qardaş Azərbaycana vermişlər.
Vətənpərvərlik, Vətən həsrəti, işğal olunmuş Azərbaycan torpağlarında mədəni irsimizin dağıdılması, qələbəyə, doğma torpağlara qayıdışın, habelə, Azərbaycan-Özbəkistan dostluğu, həmrəyliyini təbliğ edən klip tamaşaçıların alqışları ilə qarşılandı.
09.11.2018