Özbəkistanda “Hüseyn Cavid yaradıcılığı dünya dramaturqiyasının zirvəsidir” adlı Beynəlxalq elmi Konfrans keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində Daşkənddə bir sıra tədbirlər keçirilib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində dahi Azərbaycan dramaturqu Hüseyn Cavidə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib. Konfransda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, hər iki ölkənin tanınmış alimləri, ədəbiyyatşünaslar, tələbələr, jurnalistlər iştirak ediblər.
Öncə konfrans iştirakçıları Universitetin qarşısında Nizami Gəncəvinin büstünün qarşısına gül və çiçəklər düzmüş, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Universitetdə yaradılmış Nizami Gəncəvi irsinin tədqiqi mərkəzi ilə tanışlıq olmuş və daha sonra Universitetdə təşkil olunmuş “Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab, əl işləri sərgisi nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “Kaspi” qəzeti, təhsil şirkətinin layihəsi ilə Daşkənddə Özbək dilində işıq üzü görmüş Hüseyn Cavidin “Seçilmiş əsərləri” kitabı ictimaiyyətə təqdim edilib.
Açılış mərasimində çıxış edən Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov Azərbaycan və Özbəkistan xalqları arasında tarixi dostluqdan danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib. O, dahi Hüseyn Cavidin yaradıcılığının Özbəkistanda həmişə maraqla qarşılandığını qeyd edərək, onun yaradıcılığından bir sıra Özbək mütəfəkkirlərinin bəhrələndiyini qeyd edib. Rektor ötən əsrin əvvəllərində Özbək maarifçiləri Hüseyn Cavidin əsərlərini özbək dilinə tərcümə etdiyini, habelə bu əsərləri Daşkənd və Səmərqənddə səhnəyə qoyaraq xalqın maariflənməsinə öz töhvələrini verdiklərini söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim zamanlardan Dədə Qorqud, Manas, Alpamış, Koroğlu kimi eposlar yaradan, Nizami Gəncəvi, Əlişir Nəvai, Füzuli, Nəsimi, Babur, Çolpan, Hüseyn Cavid kimi şəxsiyyətlər yetişdirən xalqlarımızın öz mədəniyyəti, ədəbiyyatı ilə fəxr etməli olduğunu qeyd edib.
Hüseyn Cavid irsinin Azərbaycanda geniş araşdırıldığını qeyd edən diplomat, ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi dramaturqun nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi və doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, habelə Prezident İlham Əliyevin Sərəncamı ilə onun 135 illik yubileyinin ölkəmizdə və dünyanın müxtəlif ölkələrində geniş qeyd edilməsini ədəbiyyatımıza böyük qayğı olduğunu söylədi. Cavidin zəngin fəlsəfi şeiri, əsərləri dünya romantizm ənənələrindən bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir səlnaməsinə əbədi olaraq yazıldığını qeyd etdi.
Özbəkistan ədəbiyyatının tanınmış siması, akademik Bəxtiyar Nazarov elmi konfransda təbrik çıxışını etmiş, qardaş Azərbaycanla ədəbi əlaqələrin daim yüksək səviyyədə olduğunu qeyd edərək, Hüseyn Cavid irsinin daim araşdırılmasına, öyrənilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra məruzələr başlanıb. Azərbaycan və Özbəkistanın tanınmış alimləri, Cavidşünasları çxışları dinlənilib.
Filologiya elmlər doktoru, Azərbaycanın “Kaspi” qəzeti və təhsil şirkətinin rəhbəri Sona Vəliyeva romantizm cərəyanın nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə yaratmış Hüseyn Cavidin missiyasında İrfan ədəbiyyatını yaratmaq, xalqın milli məfkurəsini - türkçülük ideyalarını qorumaq və yaşatmaq kimi böyük missiyalarının olduğunu qeyd etdi. Natiq milli məfkurəyə bağlı olan Hüseyn Cavidin türk xalqlarının birliyi, maariflənməsi yolunda fəaliyyətindən danışaraq, Hüseyn Cavidin ədəbiyyatımıza gətirdiyi ən möhtəşəm şərqli qəhrəmanının Peyğımbər olduğunu söylədi və dramaturqun “Peyğımbər” pyesində yaratdığı Peyğımbər obrazı ilə bu barədə yazan bütün sənətkarları ötüb keçdiyini vurğuladı.
AMEA-nin müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyev XX əsr Azərbaycan romantizmi haqqında məruzə edərək, görkəmli şair və dramaturq Hüseyn Cavidin yaradıcılığının poetik qarşıdurmalarla zəngin olduğunu vurğulayıb. Professor Hüseyn Cavid yaradıcılığında Qərb və Şərq obrazlarının qarşılaşdırılmasının bir məqsədə xidmət etdiyini, Şərqin bu gününü və gələcəyini xilas etmək olduğunu söyləyib.
Digər məruzəçilər Özbəkistan Yazıçılar Birliyinin tərcümə bölməsinin rəhbəri, dosent Adxambey Olimbeyov, professor Nurbay Cabbarov, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayev, filologiya eimləri doktoru Azər Turan, tərcüməçi, şair, yazıçı Babaxan Şərif və başqaları çıxış edərək zəngin və rəngarəng məzmuna malik olan Hüseyn Cavidin yaradıcılığına ədəbi-bədii, tarixi, dini, fəlsəfi spektrdən yanaşaraq onun Azərbaycan xalqının çoxəsrlik ədəbi-bədii ənənələrində öz əksini tapdığını qeyd ediblər.
Hüseyn Cavidin zəngin irsinin hər zaman öz aktuallığını qoruyub saxladığını qeyd edən alimlər, romantizm cərəyanın nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə yaradan dramaturqun yaradıcılığına nəzər salmış və onun ayrı-ayrı əsərlərini, əsərlərin qəhrəmanlarını, habelə Özbək və türk xalqının böyük hökmdarı Əmir Teymur obrazını səciyələndirmişlər.
19.11.2018