XƏBƏRLƏR 2018
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, 23 və 30 nömrəli uşaq evlərinin 250-dək şagird və müəllimi iştirak edib.
Əvvəlcə uşaqlar foyedə təşkil olunan kitab, şəkil və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər. Ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çap olunan çoxsaylı nəşrlər, habelə Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanan nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablar iştirakçılarda böyük maraq doğurub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələrindən danışaraq, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillərimiz olan uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.
Sonra uşaqlara Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə dubliyaj olunmuş “Tık-tık xanım”, “Meşəyə insan gəlir” adlı cizgi filmləri nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan, özbək və dünya xalqlarının mahnı və rəqsləri ifa olunmuş, internat evlərinin istedadlı uşaqlarının hazırladığı rəqslər, habelə Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblının iştirakı ilə milli rəqslərimiz təqdim olunub.
Sonda uşaqlar bayram süfrəsinə dəvət olunub, onlar milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq ediliblər.
06.01.2018