XƏBƏRLƏR 2019
Daşkənddəki “Xalqların adət-ənənələri və mətbəxi” adlı mədəniyyət festivalı təşkil olunub.
Daşkənddəki Beynəlxalq Vestminster Universitetində “Xalqların adət-ənənələri və mətbəxi” adlı mədəniyyət festivalı keçirilib. Festivala ABŞ, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri qatılıb. Ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmini vurğulayıb.
Ölkəmiz üçün ayrılmış salonda Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. Milli musiqi və məişət əşyalarımız, Azərbaycan xalçaları, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.
Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub, onlar şəkərbura, paxlava və digər şirniyyatlarımız qonaq edilib.
Festivalda fəal iştirak edən qurumlara diplomlar verilib. Diplom alanlar arasında AMM də olub.
Daha sonra Festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəkii “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər. Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.
22.03.2019