Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və hər iki şairin “Xəmsə”si Azərbaycan və Özbək dilində tərcümələri təqdim olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində bu ölkənin Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi keçirilib.

Tədbir çərçivəsində Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsəri və alim, tərcüməçi Ramiz Əskər tərəfindən Azərbaycan dilinə çevrilmiş Əlişir Nəvainin “Xəmsə” əsərinin də təqdimatı keçirilib.

Mərasimdə institutun rəhbər heyəti, elmi işçilər, Özbəkistanın elm və ədəbiyyat xadimləri, jurnalistlər iştirak ediblər.

İlk öncə iştirakçılara Nizami Gəncəvi və Əlişir Nəvainin Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan əlyazmalarla tanışlıq olub, Nizami Gəncəvi və Əlişir Nəvaiyə dair nadir və unikal əlyazmalar nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla elm, ədəbi əlaqələr sahəsində əməkdaşlıq, ötən illərdə həyata keçirilən layihələr, Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə hər iki xalqın ortaq dəyərlərinə dair tədqiqatların aparılması, habelə Şərq və Türk dünyası ədəbiyyatının dünya şöhrətli iki mütəfəkkiri Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqları haqqında fikirlərini bölüşüb. O, rəhbərlik etdiyi İnstitutun fondunda saxlanılan Şərq əlyazmalarından danışaraq, fondda böyük Azərbaycan şairi Nizami Gəncəvinin 70, Əlişir Nəvainin 200-dən artıq əlyazmasının saxlanıldığını qeyd edib.

Direktor AMM-nin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda çap olunan “Xəmsə”sı haqqında söhbət açaraq qeyd edib ki, indiyədək Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanda heç vaxt bu cür mükəmməl və tam olaraq tərcümə və nəşr edilməmişdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında həyata keçirilən mədəni layihələrdən danışıb, bu mövzuda indiyədək 90-dan çox adda kitabın özbək dilində çap edildiyini bildirib. Diplomat böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaratdığını vurğulayıb. Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Nizami Gəncəvi İli” elan olunduğunu, Özbəkistanda da Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunduğunu diqqətə çatdırıb. Samir Abbasov bu münasibətlə ilk dəfə olaraq Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə və Əlişir Nəvainin “Xəmsə”si Azərbaycan dilinə tərcümə edilərək geniş ictimaiyyətə təqdim edildiyini bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Maarifli Özbəkistanla bütün sahələrdə olduğu kimi dövlətlərimiz tərəfindən mədəni əlaqələrin inkişafında da böyük işlərin həyata keçirildiyini qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Elmlər Akademiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirən A.Marifli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsi layihəsindən danışaraq bunu Azərbaycan və Özbəkistanın mədəni həyatında böyük hadisə adlandırıb.

Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Nizami Gəncəvinin “Xəmsə”sinin Daşkənddə özbək dilində, Əlişir Nəvainin “Xəmsə”sinin Ramiz Əskərin Azərbaycan dilinə tərcüməsində çap olunmasına böyük qiymət verib. Akademik deyib ki, dünyanın elə bir mədəniyyət mərkəzi yoxdur ki, orada heç olmasa Nizami Gəncəvinin bir əlyazması olmasın. Bizə məlumdur ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini ilk dəfə Orta Asiyada Qütb tərcümə edib. Sonra şairin digər əsərlərindən parçalar tərcümə olunub. Amma Samir Abbasovun rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi “Xəmsə”ni tam olaraq özbək oxucularına çatdırıb.

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər bildirib ki, Şərq şairləri Nizami Gəncəvidən sonra 100-ə yaxın “Xəmsə” yazıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin “Xəmsə”ləri daha populyardır. Bu dörd şairdən üçü türk mənşəlidir. Şairlərin üçü “Xəmsə”ni farsca, təkcə Əlişir Nəvai türkcə yazıb. Bu mənada Əlişir Nəvai bizim üçün böyük bir dövrün başlanğıcıdır.

Ramiz Əskər deyib: ”Mən Əlişir Nəvainin “Xəmsə”sini niyə tərcümə etdim? Çalışdığım universitetdə Əlişir Nəvai 6 saat tədris olunur. Tələbələrə bu böyük şairin əsərlərini oxumaq üçün tapşıranda məlum oldu ki, bu əsərlərin heç biri azərbaycanca yoxdur. Məhz ona görə də bu çətin işi öz öhdəmə götürdüm və uğurla yerinə yetirdim”.

AMEA Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcüməsi və nəşri”, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz “Nizaminin əsərlərində dünyəvilik fəlsəfəsi”, Ankara Milli Kitabxanasının şöbə müdiri, professor Niyazi Unver “Nizami Gəncəvinin Türkiyə Milli Kitabxanasında olan əlyazmaları”, Türkiyə Milli Kitabxanasının elmi işçisi Emrah Beskin “Əlişir Nəvainin Türkiyə Milli Kitabxanasında olan əlyazmaları”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova “Nizami və Nəvai müasir dövrdə”, Şərqşünaslıq institutunun şöbə müdiri Salomaxon Eşonova “Nizami Gəncəvinin Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan əlyazmaları” mövzularında məruzələr ediblər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyədən əldə olunan əlyazmalarının surətləri Özbəkistan Şərqşünaslıq İnstitutunun kitabxanasına hədiyyə edilib.

03.12.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası