XƏBƏRLƏR 2022
Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıda çıxış edib.
Özbəkistan Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.
Bu sənət ocağının yaradıcı heyəti müəllifi özbək bəstəkarı Ənvər Erqaşev olan “Humo” baleti ilə sənətsevərlərin qarşısına çıxıb.
Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində baş tutub. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.
Bu gün isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.
Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edirlər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.
17.11.2022